“Aİ-95”in qiymətini dövlət nə vaxt tənzimləyə biləcək? | TƏHLIL

   “Aİ-95”in qiymətini dövlət nə vaxt tənzimləyə biləcək?    | TƏHLIL
  17 İyul 2022    Oxunub:2063
Ölkəmizdə yanacaq məhsullarının istənilən növünün qiymət dəyişikliyi həmişə ciddi rezonans doğurur. Bu, hər dəfə mübahisələr yaratmaqla yanaşı, ölkədaxili iqtisadi proseslərə də təsir göstərir. Ona görə ki, bizdə bir sıra yanacaq məhsullarının qiymətlərini hökumət tənzimləyir. Halbuki, inkişaf etmiş ölkələrdə belə deyil.
Ümumiyyətlə, yanacaq məhdullarının qiymətləri qlobal miqyasda məhz xam neftin cari qiymətinə əsaslanır. Neftin qiyməti artanda yanacaq məhsulları bahalaşır, azaldıqda isə ucuzlaşır. Xeyli vaxtdır bir sıra faktorların təsirilə qlobal miqyasda neftin qiymətləri kəskin şəkildə artdığından, yanacaq məhsulları hər yerdə bahalaşır.

Bu baxımdan, “Aİ-95” və “Aİ-98” markalı benzin növlərinin ölkəmizə kənardan idxal olunduğunu nəzərə alsaq, bunların qiymətlərinin də artacağı gözlənilən idi. Bizdə yalnız “Aİ-92” və dizel yanacağı istehsal olunur. Odur ki, digər ölkələrdə "Aİ-95" və "Aİ-98" yanacaq növlərinin qiymətləri hansı səviyyədədirsə, Azərbaycan bazarına da eyni qiymətə gəlib çıxır.

Yeri gəlmişkən, 2021-ci ildə ölkəmizə ümumən 155 092,66 ton benzin (115 888 260 dollar dəyərində) idxal edilib ki, bu, 2020-ci illə müqayisədə 40 484,78 ton və ya 35,3 faiz artıq deməkdir. 2021-ci ildə Azərbaycana idxal edilən “Aİ-95” premium ilə “Aİ-98” super markalı benzinin orta illik dəyəri 2020-ci illə müqayisədə artıb. Belə ki, qeyd olunan dövr ərzində 147 412,23 ton həcmində, 111 106 150 dollar dəyərində “Aİ-95” premium markalı benzin idxal edilib ki, onun da bir ton üçün orta illik dəyəri 753,71 dollar təşkil edib. Bu isə əvvəlki illə müqayisədə 24,7 faiz çox deməkdir.

Həmçinin 2021-ci ildə ölkəyə 2 684,79 ton həcmində və 2 395 070 dollar dəyərində “Aİ-98” markalı benzin idxal edilib ki, onun bir ton üçün orta illik idxal dəyəri 892,08 dollar təşkil edib. Bu da 2020-ci ildə idxal edilən bir ton “Aİ-98” markalı benzinin orta illik idxal dəyərindən 12,9 faiz çox edib.

Ortada təbii ki, "qorxulu" heç nə yoxdur. Lakin ölkədə satılan yanacaq məhsullarının sırasında “Aİ-95” markalı benzinin payı bundan əvvəl təxminən 10 faiz təşkil edirdi. “Aİ-95” və “Aİ-98” markalı yanacaq növlərinin qiyməti axırıncı dəfə ötən ilin sentyabrın 15-də artmışdı. “Aİ-98” 1,9 manat, “Aİ-95” isə 1,6 manat olmuşdu. Bundan öncə “Aİ-95 PREMİUM”un 1 litrinin qiyməti 1,45, “Aİ-98 SUPER” markalı benzinin qiyməti isə 1,6 manat təşkil edirdi. Göründüyü kimi, qiymət artımları nəticəsində “Aİ-95”in satışı xeyli aşağı düşüb. Ümumi istehlakda “Aİ-95” benzinin payı 10 faiz təşkil edirdisə, hazırda bu rəqəm 8,5-8,8 faizə bərabərdir. “Aİ-98” markalı benzinin bazar payı isə bundan da aşağıdır.

Ölkəmizdə ən çox satılan marka olan “Aİ-92” və dizel yanacağına tələb isə əksinə, getdikcə artır. Dizel yanacağından kənd təsərrüfatında da istifadə edilir. Odur ki, “Aİ-95” markalı benzinin qiymətinin 40 qəpik bahalaşması heç bir mənfi təsir yaratmamalıdır. Ancaq ola bilər ki, “Aİ-95” markalı benzindən istifadə edənlərin bir qisminin “A-92”dən istifadəyə keçməsi nəticəsində sonuncuya tələbat bir az da artsın. Bu ehtimal SOCAR-ın balansında olan Heydər Əliyev adına Bakı Neft Emalı zavodunda (NEZ) yenidənqurma və modernizasiya işlərini mümkün dərəcədə tez başa çatdırmağı tələb edir.

Yeri gəlmişkən, bir müddət “Aİ-92” və “Aİ-95” markalı benzin növlərinin idxal rüsumları ləğv olunmuş, aksiz ödəmələri isə 200 manatdan 1 manatadək azaldılmışdı. Bu baxımdan, yerli istehsal tezliklə bərpa olunmasa, xarici bazarlar hələ çox diqtə edə bilər. Hələlik isə adı çəkilən zavodda yenidənqurma və modernizasiya layihəsinə dair birinci mərhələnin 2023-cü ildə, ikincinin isə 2027-ci ilin sonunda bitəcəyi deyilir. Nəticəsdə NEZ bütün Xəzər dənizi ölkələrinin neftini emal edə biləcək gücə sahib olmalıdır. Zavodda ildə 2 milyon ton avtomobil benzini istehsal ediləcək ki, bunun 60 faizi “Aİ-92”, 40 faizi isə “Aİ-95” markalı benzinin payına düşməlidir. O zaman digər yanacaq məhsullarının da qiymətlərinin ölkəmizdə dövlət tərəfindən tənzimlənməsi mümkündür. Çünki Azərbaycanda buna hələ çox ehtiyac var.


Pərviz Heydərov
Azvision.az üçün



Teqlər: Benzin   Yanacaq  





Xəbər lenti